Müəllif yazıları

Türkiyə: tək həqiqət düşüncəsi...

Hər dəfə qardaş Türkiyədə olanda bizdən daha demokratik rejimə, müstəqil məhkəmələrə, azad mətbuata, vəkillərin yüksək reşəkarlığına və azadlığına sevinirdim. Düşünürdüm ki, türk toplumunun bu uğuru hamımız üçün önəmlidi və örnəkdi. Türklərin çağdaş dəyərlərə sayğısı və canatımı özəlliyimizə və gözəlliyimizə çevrilməkdədi.

Amma bu dəfə gördüklərim və eşitdiklərim məni şaşırtdı.

Bir neçə il öncə özgürlükləri ilə öyünən türk vəkilləri bizdəki vəkilliyin durumuna üzüldüklərini bildirirdilər və bəzən bizi yetərincə mübariz olmamaqda qınayırdılar. İndi sıra bizdədi. Öz halımızı buraxıb onlara acıdım. Türkiyə iqtidarının ölkəni dala dartımı təkcə təəssüf doğurmur, həm də qorxu yaradır. Özü də təkcə Türkiyə üçün yox.

Türkiyədə uluslararası hüquq qurultayı keçirilirdi. Tədbir möhtəşəm idi. Tanınmış vəkillərin, çoxsaylı hüquq professorlarının "Təməl haq və özgürlüklərin sınırlandırılması sorunu" ("Əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması problemi") ətrafında çıxışları böyük maraq doğururdu. İnsan haqlarına sayğı, məhkəmələrin və ədalət mühakiməsinin durumu, hüquq dövləti ideyası və Türkiyədə onun bu günkü vıəziyyəti, vəkillərə basqılır və s. dartışılırdı.

Qurultayı açan Ankara Baro Başkanı Mətin Feyzioğlunun tədbirə ton verən açılış nitqi Türkiyə dövlətində hüququn çağdaş durumunu bütün özəllikləri və "gözəllikləri" ilə ortaya qoyurdu: "Ölkə bir paranoya yaşayır. Simitçilər, çayçılar belə telefonlarının dinləndiyindən şübhələnir. 7 milyon adamın telefonu dinlənir. HSYK-nın (Hakimlər və Savcılar Yüksək Kurulu) əli ilə məhkəmələr hökumətin təsir edə biləcəyi duruma gətirilib. Tutuqlamaların 99 faizi beynəlxalq normalara ziddir. Özəl görəvli ağır cəza məhkəmələri adı altında dövlət güvənluk məhkəmələri fəaliyyətini davam etdirir. Məhkəmələrin müstəqilliyi ilə bağlı Referendumda "hə" deyən də, "yox" deyən də nəyə səs verdiyini bilmədi. Ölkədə mətbuat azadlığı qalmayıb. "Toxunulmazlara toxunduq" demək mərifət deyil. Mərifət toxunulması gərəkənlərə toxuna bilməkdir. Xalqa enmək deyil, xalqın səviyyəsinə qalxmaq gərəkdi. Anayasa dəyişikliyi ilə bazarlıq edilməz. Özgür advokatsız məhkəmədə hakim və savcı cübbə geymiş dövlət məmurlarına çevrilirlər..."

Türkiyə vəkillərinin və hüquq professorlarının hüquqa, dövlətə, ədalət mühakiməsinə baxışları rəsmi hakimiyyətin baxış və fəaliyyəti ilə daban-dabana zidd olmağa başlayıb. "Özəl həyata sayğımız sonsuz, amma...", "Amerika, Avropa gözəl şeylər söyləyəndə dinləyərəm, tənqid edəndə isə sən kim olursan..." yanaşmasını qəbul etməyənlər, təbii ki, başqa cür düşünürlər.

İndi çoxları etiraf edir ki, 1982-ci il Anayasası özgürlükçü Anayasa deyil. Amma indi yazılan Anayasanın daha az özgürlükçü olacağı qorxusu hamını narahat edir.

Ən çox dartışılan mövzu məhkəmələrin müstəqilliyidi. Özətlər: məhkəmə üzərində hüquqdan başqa heç nə dayana bilməz. Ədliyyə Naziri, Müstəşar yardımçısı və başqa dövlət məmurlarının HSYK-ya üzv olması məhkəmələrin müstəqilliyinə böyük zərbədi. Anlamalıyıq ki, hüququn üstünlüyü olmayan ölkənin Avropa Birliyinə üzv olması mümkünsüzdür.

"Yarğı bağımsızlığı" söhbəti Türkiyədə artıq gülüş doğurmaqdadı.

Hətta bu duruma bəzi savcılar (prokurorlar) da etiraz edir: "Biz ölkəmizdə hakimlərin məmurlaşdırılmasını istəmirik. Hakim kabinetində fiziki zorakılığa, prosesdə təhqirə məruz qalırsa, onun fiziki və mülkiyyət toxunulmazlığı yoxdursa, onun müstəqilliyindən danışmaq olarmı?"

Venetsiya Komissiyası Bolqarıstanın məhkəmə hakimiyyətinin özünüidarə orqanı barədə qanun layihəsinə rəyində deyib: "Ədliyyə naziri və başqa dövlət məmurlarının təmsil olunduğu məhkəmə hakimiyyətinin özünüidarə orqanı siyasi iqtidar qurumudur".

Çox güman ki, bu sözlər Avropa Şurasına daxil olan bütün ölkələrə aiddir.

Türkiyədə Ədliyyə Naziri HSYK başqanıdır və hakimlərin intizam məsuliyyəti ilə bağlı qərara veto qoya bilər. Bu səlahiyyət məmur-hakimlər, hakimiyyətə can-başla qulluq edən hakimlər üçün cıəzasızlıq şəraiti yaradılmasına xidmət edir.

Hakim: "HSYK birinci inkvizisiya məhkəməsinə çevrilib; o, qısa müddətdə hakimlərdən yarısının iş yerini dəyişdirib.

"Siyasətin girdiyi məhkəmədən ədalət qaçar".

Dövlət Güvənlik məhkəmələrinin Özəl Yetkili ağır cəza məhkəmələrinə çevrilməsi Türkiyə məhkəmələrindən ədalətin deportasiya edilməsi ilə sonuclanıb. Belə ağır günlərdə də yumor hissini itirməyən türk vəkilləri lətifəfason bir olaydan danışırlar. Bir savcı başqasından soruşur: "Başqanım, mən bu qanun dəyişikliyini anlamıram, mənə bunu anlada bilərsinizmi?" Baş savcı cavab verir: "Anlaşılmayacaq nə var ki? Bundan sonra hər kəs kəndi məhkəməsini kəndisi quracaq".

"Hakimlik vəzifəsinə kişilik, yetənək və təcrübəyə dayanıqlı şəxslər gətirilməlidir". Tez-tez səslənən bu hökm bizim üçün daha özəl anlama gəlir. Özəlliklə kişiliklə bağlı.

Türk vəkillərinin əksəriyyətinin fikrincə, əslində ölkədə hakimiyyətlər bölgüsü aradan qaldırılıb. "Yarğı millət adına yapılır" demaqogiyasına türk vəkillərinin cavabı çox sadədir: "Yarğı dövlət və hüquq adına yapılmalıdır".

Onlarla hüquq professorunun dövlət, hüquq, ədalət mühakiməsinin indiki durumu ilə bağlı vəkillərlə eyni görüşləri bölüşməsi və onlardan da cəsarətli çıxışları rəğbət doğururdu. Bir professorun sözlərini bizim mədhiyyəçi professorlara həsr etmək yerinə düşər: "Türkiyədə məhkəmələrin gətirildiyi duruma görə bir hüquqçu kimi xəcalət çəkirəm. Dövlətin əfəndisinin istəyi ilə qərarlar verən məhkəmə sistemi əfəndi dəyişdikdə yeni əfəndinin istəyi ilə ədalət paylayacaq... Siyasi iqtidar anlamalıdı ki, Avropaya iki yol var - ora gedərsən, amma orada qala bilməyib geri dönərsən".

"Yarğı siyasiləşib" şüarına qarşı deyilir ki, əslində siyasət məhkəmələşib; çünki bu gün siyasətçilər məhkəmələr barədə hər gün hökm verməkdədirlər.

"Susursansa, suçlusan" formulu generalların və başqa siyasilərin işlərində ittihamın və ədalətli mühakimənin məmmədqulusuna çevrilib.

Mətin bəyin qardaş dediyi İstanbul Baro Başqanı Ümid bəy: "İndi masanın üstündə, altında, dosyalarımızın içində, hər yerdə terror örgütü axtarırlar. Terrorçunun vəkilisən - örgütçüsən, generalı müdafiə edirsən - örgütçüsən, adil yarğı istəyirsən - örgütçüsən...

Daha bir lətifə.

Yunanıstan prokuroru türk baş savcısından soruşur; "Bütün generalları tutukladınız, hücum etsək nə edəcəksiniz?" Savcı: "Sizin generalları da tutuklayıb sülh bağlayarıq".

Yeni dünya düzəninin Türkiyəyə gətirdiyi özəlliklərdən biri də budur...

İndi Türkiyədə bir "Silivri-Beşiktaş" sindromu yaşanır. Bu özəl yetkili ağır cəza məhkəmələri "Ergenekonçu" ovunun başlıca ovçularıdı. Beşiktaş özəl yetkili ağır cəza məhkəməsi ölkənin istənilən yerində axtarış və başqa istintaq hərəkətləri aparmaq barədə qərarlar verir, savcılar istənilən yerdə istintaq aparırlar. Qanunun ərazi aidiyyəti, səlahiyyət həddi barədə qaydaları ayaqlar altındadı. Hətta Cümhurbaşkan Abdullah Gül də deyib ki, Dövlət Güvənlik məhkəmələrinin Özəl Yetkili ağır cəza məhkəmələri ilə əvəz edilməsi, təəssüf ki, heç nəyi dəyişmədi.

Amma əslində çox şey dəyişib.

Xoşagəlməz söz deyən vəkil məhkəmə qərarı ilə müdafiədən kənarlaşdırılır. Onlarla, hətta yüzlərlə vəkil belə qanunsuzluğun qurbanı olub. Türk vəkilləri buna "Müdafiəçilikdən - müttəhimliyə" adı verib.

Türkiyə Vəkillik Qanunun 58-ci maddəsinə əsasən vəkil barədə intizam icraatına Ədliyyə Nazirinin icazəsi ilə başlanır. Ancaq bu icazədən məhkəməyə şikayət vermək hüququ qanunda nəzərdə tutulmur. İdarə məhkəməsinə bu icazədən şikayət vermiş bir vəkilə məhkəmə izah edib ki, sənə vəkillik fəaliyyəti ilə məşğul olmaq qadağan edilərkən şikayət verib özünü müdafiə edə bilərsən.

Müdafiə etdiyi adamları "adil yarğılama"nın qurbanı sayan vəkillərin başqanı Mətin bəy: "Adil yarğılama istəmirik. Adi yarğı olsun, yetər!"

"Ölümdən o yana köy, Silivridən o yana yer yoxdur" deyimi dillərdə gəzir.

Yenə bir pritça: Küləklə Ləyaqət söhbət edir. Külək: "Mən bütün dünyanı gəzərəm, Amerikaya əsərəm, oradan Çinə gedərəm, oradan başqa bir yerə. Bəs sən?" Ləyaqət cavab verər: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".

Bu, Türkiyənin, türk insanlarının çağdaş durumuna güzgü tutan örnəyə bənzəyir. İnsanlar, özəlliklə hüquqçular küləklə ləyaqətin timsalı kimidi...

Divara şüar yazdığına görə terrorçu kimi tutuqlanmış tələbə 20 aydır ki, istintaq olunur. Vəkillər belə istintaqı terrorla terror mücadiləsi adlandırırlar.

Haqqa varmağın çeşidli yolları var. Amma Türkiyə iqtidarı bu yollarda yeni şlaqbaumlar qurmaqdadı. Türkiyə hüququ indi özbaşına tikinti meydançasını xatırladır...

Qurultayda səslənən maraqlı çıxışlardan daha biri inanc özgürlüyü ilə bağlı idi. Əslən Qafqazlı olan professorun fikrincə, inanc özgürlüyünün sınırlandırılmasına: 1) inancdaxili sınırlandırma və 2) hüquq sınırlandırması kimi baxılmalıdır. İnanc özgürlüyünün genişlənməsi vicdanların və düşüncələrin aydınlanmasından asılıdır.

Özündən öncənin Doğu və Batı mədəniyyətindən yaranmış İslam Renessansı siyasi iddialar, qeyri-dini tələblər və görüntülərlə, geriləmələrlə müşayiət olunur.

İnanc hər bir kəsin vicdanı daxilində sınırlandırılmalıdır.

"İslam dövləti" ifadəsi dini və siyasi baxımdan kafası qarışıq adamların uydurduğu anlaşılmazlıqdır.

İfadə azadlığına həsr olunmuş bölmədə də maraqlı fikirlər deyilirdi.

İnsanı insan edən düşünmə və düşündüklərini başqaları ilə paylaşmaqdır. Azad toplum - mərkəzi hakimiyyətə meydan oxuya biləcək qruplar, düşüncə, onun ifadə imkanı olan cəmiyyətdir.

Anayasaya görə Atatürkçü millətçiliyə dayanan dövlət ideologoyasını ifadə özgürlüyünə uyğun saymayan çıxış da oldu. Natiqin fikrincə, bu, ifadə özgürlüyünə aykırıdır (ziddir).

Tək həqiqət düşüncəsi...

Zalımın zülm etdiyi ölkədə kimsənin əlləri təmiz qala bilməz.

Ümidin iki övladı var: öfkə və cəsarət. Öfkə hər şeyin olduğu kimi qalmasına, cəsarət isə hər şeyin yaxşıya doğru dəyişməsinə çalışar. Cəmiyyətin sabahı ümidin hansı övladının ardıcıllarının çoxluğundan asılıdır.

Sonuncu gün başqan gənc advokatlara məsləkə başlamağa icazə verən sertifikatlar paylayırdı. Hamını bir-bir səhnəyə çağırıb onunla ayrıca rəqs edir, sonra isə sertifikat verirdi. Bizim məmurlar kimi özünü dartmadan, ütülü, səmimiyyətdən kənar moizə oxumadan. Gənclərin möhtəşəm xoru irticanın səsini batırırdı: "Ən böyük başqan!"

Deyəsən cəsarətin ardıcılları daha çox idi...


Ənnağı Hacıbəyli

Digərləri
[19.05.2014] Sürayyə Ağaoğıu - Türkiyənin ilk qadın vəkili
[05.03.2014] Tofiq Yaqublunun vəkilinin müdafiə nitqi
[29.01.2014] Qız qaçırtma adətdir yoxsa cinayət?
[08.01.2014] Azərbaycanlı ailəsi: necə qurulur və necə dağılır
[06.08.2013] Əziz Alpoudu oxuyarkən
[13.06.2013] Davam edən pozuntular
[20.02.2013] Avtoritarizmdən totalitarizmə keçidin yolsuzluq xəritəsi
[20.02.2013] ƏVƏZSİZ İNSAN – Aslan İsmayılov!
[07.02.2013] Azadlığın acısı
[10.01.2013] İngilis olmaq necə də böyük xoşbəxtlikdir!
[08.01.2013] Çölü bəzək məhkəmələr...
[30.11.2012] İşıqlı adam
[21.11.2012] Dünya köhnə dünyadı...
[19.10.2012] Məmməd Xələfov
[12.09.2012] Ədalət və mərhəmət